Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   2 Fevral – Gənclər Günü
  30.1.2015

   30 yanvar 2015-ci il tarixində Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 2 Fevral – Gənclər Günü münasibətilə “Gənclər gələcəyimizdir” mövzusunda konfrans keçirilmişdir.Konfransı giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır. Konfransda kitabxananın əməkdaşları Minayə Nəbisoy, Röya Mustafayeva, “Naxçıvan” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Nəsib Mustafayev çıxış etmişdir. Çıxışlarda qeyd olunub ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində dahi rəhbərimiz sosial-iqtisadi, elmi-mədəni,təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb, Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə zəngin qanunvericilik bazası və gənclər siyasətini həyata keçirən dövlət orqanları yaradılıb. Vurğulanıb ki, müstəqil ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənc nəsil hərtərəfli qayğı ilə əhatə edilib. Son 20 ildə muxtar respublikamızda gənclərin sağlam, vətənpərvərlik ruhundaböyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər görülür. Bu gün muxtar respublikamızda məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında irəli çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan, etimaddan xəbər verir. Muxtar respublikamızda gənclər üçün yeni mərkəzlərin, kitabxanaların, təhsil müəssisələrinin, olimpiya-idman komplekslərinin tikilərək, yaxud yenidən qurularaq gənclərin istifadəsinə verilməsi regionumuzda gənc nəslin asudə vaxtının səmərəli təşkil olunması, bilikli və bacarıqlı yetişməsi, intellektual səviyyəsinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bütün bu işlərin görülməsində məqsəd ölkəmizdə, eləcə də muxtar respublikamızda sağlam, müasir biliklərə yiyələnmiş, dünyada ölkəmizi layiqincə təmsil edə biləcək gənc nəslin formalaşdırılmasıdır. Sevindirici haldır ki, bu məqsədlərə nail olunur. Tədbirin sonunda slayd nümayiş etdirilib, sərgiyə baxış keçirilmişdir.Tədbirə Mədəniyyət və turizm nazirliyinin əməkdaşı Əli Rzayev, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Naxçıvan Universitetinin tələbələri dəvət edilmişdir. Tədbirdə 45 nəfər iştirak etmişdir.