Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illiyi
  26.9.2014

   26 sentyabr 2014-cü il tarixində kitabxanada görkəmli pedaqoq, maarifçi, şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 illiyinə həsr edilmiş oxucu konfransı keçirilmişdir. Tədbiri Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru,tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq qeyd etmişdir ki, görkəmli maarifçi, böyük mütəfəkkir Məhəmməd Tağı Sidqi xalqının, millətinin maariflənməsi uğrunda mübarizə aparan ilk maarif fədailərindəndir. Kitabxananın Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova M.T.Sidqinin həyat və yaradıcılığı barədə məruzə etmişdir.Bildirilmişdir ki, 1854-cü ildə Ordubad şəhərində anadan olan Məhəmməd Tağı Sidqi ilk təhsilini buradakı mədrəsədə almış, klassik Şərq poeziyasını və fəlsəfəsini öyrənmişdir. Azərbaycanda milli və dünyəvi məktəbin, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verən, xalq müəllimi kimi böyük şöhrət qazanan Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda yeni tipli “Əxtər” məktəbi yaratmış, 1894-cü ildə Naxçıvanda “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. Bu məktəblər xalqın maariflənməsində mühüm əhəmiyyət kəsb etmiş, Naxçıvanın bütöv bir ziyalı nəslini yetişdirmişdir. M.T.Sidqi bədii yaradıcılığa ilk gənclik illərində başlamışdır. Bu dövrdə Ordubadda Şeyxəli xan Kəngərlinin təşkil etdiyi “Əncüməni-şüəra” ədəbi məclisi Fəqir Ordubadinin rəhbərliyi ilə fəaliyyət göstərirdi. 1889-cu ildə Fəqirin vəfatından sonra məclisə Sidqi başçılıq etmiş, ədəbi fəaliyyətini də bu məclisdə davam etdirmişdir. M.T.Sidqinin rəhbərlik etdiyi “Əncüməni-şüəra” ədəbi məclisində klassik poeziyadan irəli gələn lirika mövzularına da müraciət olunurdu. Sidqi də məclisdəki bu ədəbi ənənəyə sadiq qalmış, yeri gəldikcə öz yaradıcılığında süjetli lirikaya müraciət etmişdir. Bu xüsusiyyət Sidqinin şeir yaradıcılığında müsbət rol oynamış, onun gələcəkdə həcmcə geniş süjetli bədii əsərlər və mənzumələr qələmə almasına zəmin yaratmışdır. M.T.Sidqinin lirikasında Vətənimizin füsunkar təbiətinin təsvir və tərənnümünə həsr olunmuş peyzaj lirikası xüsusi yer tutur. Lirikanın bu növü Sidqinin yalnız qəzəllərində deyil, digər poetik formalarda qələmə aldığı şeirlərində də özünü göstərir. Konfransda Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru Əsgər Qədimovun, Naxçıvan Özəl Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyevanın, Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi Səadət Qocayevanın çıxışları olmuşdur. Tədbirə Texniki Kollecin tələbələri dəvət edilmişdir. Sonda tədbir iştirakçıları “Məhəmməd Tağı Sidqi – 160” adlı sərgiyə baxmışlar.Tədbirdə 40 nəfər iştirak etmişdir.