Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi
  12.2.2014

   12 fevral 2012-ci il tarixində kitabxanada Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edilmiş "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir" adlı konfrans keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq bildirdi ki, ümummilli liderimizin Naxçıvana rəhbərliyi dövrü, eləcə də Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyi illər Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsində mühüm dövr oldu. Naxçıvanı düşdüyü ağır blokada vəziyyətindən və ermənilərin qəsbkarlıq planlarından qurtarmaq üçün böyük öndər muxtariyyət statusunun verdiyi səlahiyyətlərdən istifadə edərək qonşu Türkiyə və İranla sosial-iqtisadi, ticari-mədəni əlaqələri inkişaf etdirmək sahəsində müqavilələr bağlamış, muxtar respublikaya həmin ölkələrdən elektrik xətləri çəkilmiş və enerji verilməsinə başlanmışdır.Bu gün mövcud olan muxtar dövlət idarəçiliyinin "Naxçıvan modeli" qloballaşan dünyada muxtar qurumlar üçün ən mükəmməl model hesab edilə bilər.Məruzə üçün söz AMEA-nın əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Asəf Orucova verildi. O, "Muxtariyyət ərəfəsində Naxçıvanda vəziyyət" adlı məruzə ilə çıxış etdi. Kitabxananın informasiya-resurs şöbəsinin müdiri Xəyalə Ağayeva "Naxçıvan MSSR-in təşkili və muxtariyyət verilməsi" adlı məruzə ilə çıxış etdi. Sonra zal müdiri Mehriban Mahmudova "Naxçıvan muxtariyyəti tarixi amildir", kitabxanaçı İradə Kərimova "Böyük Vətən Müharibəsi illərində Naxçıvan" adlı mövzularla çıxış etdilər. Tədbirdə Texniki Kollecin əməkdaşları da iştirak etdi.Tədbirin sonunda "Naxçıvan Muxtar Respublikası-90" adlı sərgiyə baxış keçirildi.Tədbirdə 40 nəfər iştirak etdi.