Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Vidadi Muradovun "Naxçıvan xalçaçıları" adlı kitabının təqdimatı
  16.12.2013

   17 dekabr 2013-cü il tarixində kitabxanada dekorativ-tətbiqi sənət üzrə professor Vidadi Muradovun "Naxçıvan xalçaçıları" adlı kitabının təqdimatına həsr edilmiş tədbir keçirildi.Tədbiri giriş sözü ilə kitabxananın direktoru,tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq “Xalçaçılıq xalqımızın qədim sənətkarlıq növüdür” mövzusunda məruzə ilə çıxış etdi.Tədbirdə Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova "Naxçıvan Xalça Muzeyinin yaranması və inkişafı” adlı mövzu ilə çıxış etdi.Kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Xəyalə Ağayeva “Naxçıvan xalçaları və xalçaçıları” adlı mövzu ilə çıxış edərək qeyd etmişdir ki, “Azərbaycan xalçaları bütün məktəbləri ilə” adlı böyük layihənin davamı olan kitab 2013-cü ildə Bakı şəhərindəki “Elm” nəşriyyatında çap edilmişdir. Kitabın üz qabığında Naxçıvan xalçalarının Qarabağlar türbəsi biçimində təsviri verilmişdir.Kitabda bütövlükdə Naxçıvanın tarixi inkişafı və mədəni nailiyyətləri nəzərdən keçirilmiş, Naxçıvan xalçalarının ümumi xarakteristikası, Naxçıvan xalçaçıları haqqında məlumat və fotoşəkillər,dünyanın bir sıra şəxsi kolleksiyalarında saxlanılan Naxçıvan xalçaları təqdim olunmuşdur. Azərbaycan, rus və ingilis dillərində nəşr edilən bu nəfis tərtibatlı kitabı ekspedisiya materialları, muxtar respublikanın 7 rayonunun 68 kəndindən 254 toxucu haqqında məlumatlar daha da zənginləşdirir. Kitabda Şahbuzdan 31, Şərurdan 58, Babəkdən 49, Culfadan 37, Sədərəkdən 8, Kəngərlidən 35, Ordubaddan 36 toxucunun həyat və fəaliyyəti, habelə qədim abidələrdən, Gəmiqaya qayaüstü təsvirlərdən, şəxsi fantaziyalardan, yerli adət-ənənələrdən, inanclardan qaynaqlanan naxış-ornament, kompozisiya üslubu işıqlandırılmışdır. 151 səhifədən ibarət olan kitabda yuxarıda adlarını sadaladığımız rayonlarda yaşayıb xalçaçılıqla məşğul olanların toxuduqları xalçaların fotoşəkilləri öz əksini tapmışdır.Tədbirə Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşları dəvət edilmişdir. Tədbirin sonunda "Milli Dəyərlərimiz" adlı sərgiyə baxış keçirildi.Tədbirdə 36 nəfər iştirak etdi.