Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Beynəlxalq Ana Dili Günü
  21.2.2013

   21 fevral 2013-cü il tarixində kitabxanada Beynəlxalq Ana Dili Günü münasibətilə "Dilimiz varlığımızdır" adlı mövzuya həsr edilmiş konfrans keçirildi.Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açdı. O, Müasir Azərbaycan ədəbi dilini siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dil kimi xüsusi vurğuladı. Kitabxananın elmi katibi Günay Kəngərli ”21 fevral Beynəlxalq Ana Dili günüdür” adlı məruzə ilə çıxış edərək Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan söhbət açdı, dilimizin zənginliyindən danışdı. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məslətçisi Əli Rzayev ”Dilimiz misilsiz xəzinədir” adlı mövzu ilə çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin dil siyasətindən danışdı, ulu öndərin dilimizin dövlət dili kimi Azərbaycan Respublikası Konstitusiyasında əks olunması istiqamətində qətiyyətli fəaliyyətindən bəhs etdi. Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Əliyeva çıxış edərək xalqımızın görkəmli şəxsiyyətlərinin ana dilimizin saflığı və qorunması uğrunda fəaliyyətlərindən danışdı. Zal müdiri Mehriban Qulamova “Dilimiz varlığımızdır” adlı mövzu ilə çıxış edərək dilimizin zənginliyi, gözəlliyi, kamilliyi, tarixiliyi haqqında oxuculara geniş məlumat verdi. Tədbirin sonunda stolüstü yaradılmış “Beynəlxalq Ana Dili Günü” adlı sərgiyə baxış keçirildi.Tədbirdə 45 nəfər iştirak etdi.