Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Bəhram Mansurovun anadan olmasının 105 illiyi
  25.2.2016

   25 fevral 2016-cı il tarixində kitabxanada tarzən Bəhram Mansurovun anadan olmasının 105 illiyinə həsr edilmiş ədəbi-musiqili gecə keçirilmişdir.Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Tarın qədrini bilən ustad-Bəhram Mansurov", kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Mansurovlar nəslinin qədərsiz xidmətləri" adlı məruzələrlə çıxış etmişdir. Məruzələrdə bildirilmişdir ki, Bəhram Mansurov Sadıqcandan sonra klassik azərbaycan muğamlarını qoruyub saxlayan və təbliğ edən yeganə tarzən idi. Onun ifasından bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınmışdır.Bəhram Mansurov opera səhnəsində Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işləyir. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları teatra cəlb edərək onları tamaşalara hazırlayır. Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında Azərçaycan muğamları UNESCO xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılmışdır. Bəhram Mansurovun 19 yaşı olanda Müslüm Maqomayev onu ilk notlu xalq çalğı alətləri orkestrinə, daha sonra isə Opera və balet Teatrına solist-tarzən kimi dəvət edir."Çahargah" muğamı haqqında danışarkən, ilk növbədə qüdrətli tar ifaçımız Bəhram Mansurovun əməyini xüsusi qeyd etməliyik. A.Əsədullayev yazır: "Məhz Bəhram Mansurovun xidmətlərinin nəticəsidir ki, Seyid Şuşinski kimi peşəkar bir muğam bilicisinin, ustad xanəndənin, ali ifaçılıq xüsusiyyətlərinə malik olan müəllimin ifasında "Çahargah" muğamı lentə yazılıb respublika radiosunun qızıl fondunda saxlanılır. Tədbirin sonunda elektron lövhədə slayd nümayiş edilmişdir. Tədbirdə 38 nəfər iştirak etmişdir.