Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Nəriman Həsənzadənin anadan olmasının 85 illiyi
  10.2.2016

   10 fevral 2016-cı il tarixində kitabxanada xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 85 illiyi münasibətilə əsərlərinin biblioqrafik icmalı keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açmışdır. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova müəllifin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Südabə Süleymanova müəllifin kitabxananın fondunda olan əsərləri haqqında məlumat vermişdir. Çıxışlarda bildirilmişdir ki, Nəriman müəllim müasir Azərbaycan poeziyasında özünəməxsus yeri olan bir şairdir. Onun şeirlərində hər zaman səmimiyyət, təbiilik əks olunur. Onun əsərlərində qadına münasibət xüsusi bir incəliklə qələmə alınıb. Bu da, sözsüz ki, yaradıcı insanın daxilində olan ülvi hisslərdən xəbər verir. Nəriman Həsənzadənin yaradıcılığı təpədən-dırnağa Azərbaycanın tarixi yaddaşıdır. Nəriman Həsənzadə şəxsiyyətində kimdirsə, şeirlərində də həmin adamdır. Nəriman Həsənzadənin poeziyasında hər şey-Vətənə, insana, təbiətə, dosta sevgi var. Nəriman Həsənzadə gözəl dostdur. O, böyüklə böyük, kiçiklə kiçikdir. Bu gözəl hislər onun poeziyasında da yer almışdır. Buna görə də şairin poeziyası sevilir. Tədbirin sonunda elektron lövhədə slayd nümayiş edilmiş və "Nəriman Həsənzadə -85" adlı sərgiyə baxış keçirilmişdir.Tədbirdə 36 nəfər iştirak etmişdir.