Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   M.S.Ordubadinin 140 və Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyi
  3.12.2012

   3 dekabr 2012-ci il tarixdə M.S.Ordubadinin 140 və Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubiley tədbirləri keçirilmiş, Elektron kitabxananın təqdimatı olmuşdur. Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov muxtar respublikamızda kitabxanaların maddi-texniki bazalarının möhkəmləndirilməsi və bu sahədə görülən işlər haqqında məlumat vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları kitabxananın foyesində yaradılmış "Məmməd Səid Ordubadi-140" və "Naxçıvan Muxtar Respublika Kitabxanası-90" adlı sərgilərə baxmışlar. Ali Məclisin Sədri kitabxananın ayrı-ayrı şöbələrində xidmətin təşkili ilə maraqlanmışdır. Elektron oxu zalında Ali Məclisin Sədrinə Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında yeni yaradılan Elektron kitabxana barədə məlumat verilmişdir. Elektron kitabxana ilə tanışlıqdan sonra Naxçıvan Muxtar Respublika Kitabxanasının oxu zalında Məmməd Səid Ordubadinin 140 və Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileylərinə həsr olunmuş tədbir keçirilmişdir. Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məmməd Səid Ordubadinin zəngin yaradıcılığı haqqında geniş məlumat vermişdir. Sonra kitabxananın direktoru Aytəkin Qəhrəmanova kitabxananın keçdiyi tarixi inkişaf yolundan, göstərilən dövlət qayğısından danışmış, yaradılan nümunəvi şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov Məmməd Səid Ordubadinin həyatı və çoxcəhətli yaradıcılığından ətraflı bəhs etmişlər. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsinin tələbələri Məmməd Səid Ordubadinin şeirlərini bədii qiraət etmişlər.