Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Sadıqcanın 170 illik yubileyi
  22.1.2016

   22 yanvar 2016-cı il tarixində kitabxanada tarzən Sadıqcanın anadan olmasının 170 illik yubileyinə həsr edilmiş yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açmışdır. Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Tarın Sadıqcan zirvəsi" adlı məruzə ilə çıxış etmişdir. Məruzədə bildirilmişdir ki, zəngin musiqi irsinə malik olan Azərbaycan xalqı haqlı olaraq öz musiqisi ilə öyünə bilər. Milli musiqi alətlərimizin tacı olan, ürəkləri ecazkar səsi ilə riqqətə gətirən Azərbaycan tarı musiqi alətləri xəzinəmizə daxil olan nadir alətlərdən biridir. Tar əsasən Şərq ölkələrində yayılmışdır. Azərbaycan tarı XIX əsrin ikinci yarısında ilk dəfə görkəmli bəstəkar, musiqiçi, dahi tarzən Sadıqcan tərəfindən təkmilləşərək yeni quruluşda yeni nəfəs qazanmışdır.Mirzə Sadıq o dövrün ən məşhur tarzəni idi. Onun çalğısının səsinə quşlar da gəlirdi.Məclislərdə özünü təmkinli və nəcib aparırdı. Sadıqcan çox vaxt tarı mizrabsız çalırdı. Sadıqcana qədər tarı diz üstündə çalırdılar. O, özünün virtuoz bacarığından istifadə edərək, ilk dəfə tarı sinəsinə qaldırdı. Mirzə Sadıq həmçinin tarın simlərini çoxaldaraq, onların yerləşməsini dəyişdi.Bundan başqa o, həm də tarın çanaq quruluşunu dəyişərək, onun möhkəmliyini artırmaqla alətin ümumi çəkisini azaltmış oldu. Sadıqcan məktəbindən bəhrələnən neçə-neçə tarzənlər yetişmiş, Azərbaycan tarında ifaçılıq mədəniyyətini daha da yüksəltmişlər.Tədbirin sonunda elektron lövhədə slayd nümayiş edilmişdir.Tədbirdə 35 nəfər iştirak etmişdir.