Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   20 Yanvar Ümumxalq Hüzn Günü
  15.1.2016

   15 yanvar 2016-cı il tarixində kitabxanada 20 Yanvar Ümumxalq Hüzn gününə həsr edilmiş "Tarixin qanlı səhifəsi" adlı konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kitabxana -biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin sistem inzibatçısı Heyran Ələsgərova "20 Yanvar Ümumxalq Hüzn Günüdür" adlı məruzə ilə çıxış etmişdir. Qeydiyyat bölməsinin müdiri Fəridə Heydərova "20 Yanvar-Şərəf və Qürur günümüz", mübadilə bölməsinin müdiri İradə Məmmədova "And yerimiz, qürur mənbəyimiz" adlı mövzularla çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə sovet qoşunlarının yeridilməsinin məqsədi xalqın milli azadlıq əzmini boğmaq və xalq hərəkatını yatırmaqdan ibarət idi. O müdhiş qış gecəsində 147 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 800 nəfərdən çox adam yaralanıb və şikəst edilib.Faciənin ertəsi günü ilk dəfə olaraq məhz ümummilli lider Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsini ucaldıb, bütün dünyaya bu qanlı hadisə və Azərbaycan xalqına qarşı törədilmiş vəhşi cinayət haqqında məlumat verib.Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 21-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin xalq deputatı kimi təşəbbüsü ilə 1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında qərar layihəsi işlənib hazırlanaraq müzakirə edilib, qaldırılan bu taleyüklü məsələ xalq deputatları tərəfindən qətiyyətlə müdafiə olunub. Bu qərar həm də xalqımızın faciəsinə və istilaçıların cinayətinə qarşı verilən ilk siyasi-hüquqi qiymət idi. 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik mübarizəsi tarixinə faciə və xalqımızın qəhrəmanlıq salnaməsi kimi yazılmışdır. Həmin ağrılı günlər həm də sınaq dövrü kimi yadda qalmışdır. Azərbaycan xalqı həmin gün azad yaşamağa layiq olduğunu bütün dünyaya sübut etmişdir.Tədbirin sonunda elektron lövhədə "Qanlı Yanvar" sənədli filminə və "20 Yanvar" adlı sərgiyə baxış keçirilmişdir. Tədbirdə 34 nəfər iştirak etmişdir.