Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
  6.11.2015

   06 noyabr 2015-ci il tarixində kitabxanada "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü"nə həsr edilmiş "Bir kərə yüksələn bayraq bir daha enməz" mövzusunda konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Elmi katib Günay Kəngərli "Müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi Azərbaycan bayrağı" adlı məruzə ilə çıxış etmişdir. Zal müdiri Mehriban Qulamova "9 Noyabr Dövlət Bayrağı Günüdür", kitabxanaçı Samirə Sadiqova "Dövlət bayrağı Azərbaycan dövlətinin suverenlik rəmzidir" adlı mövzu ilə çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki,üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli bir dövrdə Naxçıvana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyev əsl vətənpərvərliklə və lider təəssübkeşliyi ilə milli dövlət quruculuğu üçün mühüm qərarlar qəbul etmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olunmuş, bir sıra tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Vurğulanmışdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən isə Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılmışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı olmuşdur.Bu gün ölkəmizin digər guşələrində də yaradılan bayraq meydanları dövlət rəmzlərimizə olan sevgi və hörmətin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilmişdir. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, hər il noyabr ayının 17-nin Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi qərara alınmışdır. Tədbirin sonunda elektron lövhədə slayd nümayiş edilmişdir. Tədbirə fəal oxucular dəvət edilmişdir. Tədbirdə 38 nəfər iştirak etmişdir.