Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   Süleyman Sani Axundovun anadan olmasının 140 illiyi
  23.10.2015

   23 oktyabr 2015-ci il tarixində kitabxanada görkəmli yazıçı Süleyman Sani Axundovun anadan olmasının 140 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Mədəniyyət və Turizm Nazirliyi aparatının kitabxana işi üzrə aparıcı məsləhətçisi Aygün Hüseynova Süleyman Sani Axundovun həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Mədəniyyət və incəsənət üzrə məlumat bölməsinin müdiri Nuridə Səfərova "Süleyman Sani Axundovun nəsrində ifşa hədəfləri", böyük kitabxanaçı Vəsilə Cəfərova "Süleyman Sani Axundovun pedaqoji-ictimai fəaliyyəti" adlı mövzularla çıxış etmişdir. Çıxışlarda bildirilmişdir ki,Süleyman Saninin yaradıcılığı zəngin və çoxcəhətlidir. M.F.Axundov realist ədəbi məktəbi zəminində yetişən Süleyman Sani ictimai-bədii fikir tariximizdə hekayə ustası, görkəmli dramaturq, komedioqraf, məşhur xalq müəllimi, mədəniyyət xadimi kimi də tanınmışdır. XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında Süleyman Saninin böyük xidməti vardır. Ədib, "Qorxulu nağıllar" başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız" əsərləri ilə Azərbaycan uşaq ədəbiyyatına forma, məzmun, üslub yenilikləri gətirmişdir. Süleyman Saninin yazmış olduğu "Qan bulağı", "Ümid Çirağı", "Cəhalət qurbanı", "Nə üçün?", "Təbrik", "Sona xala", "Namus", "Mister Qreyin köpəyi", "Son ümid", "İki dost, iki düşmən", "Gənc maşinistka və qoca yazıçı" hekayələri sovet dövrü Azərbaycan nəsrinin ilk nümunələrindəndir.Ədibin yaradıcılığının inqlabdan sonrakı dövrü də zəngin olmuş və həmin illərdə nəsrimizi mövzu cəhətdən zənginləşdirmişdir. Bildirilmişdir ki, S.S.Axundovu aktyorluğa sövq edən amil, xalqımızın gözünü açmaq, avamlığa, köhnəpərəstliyə nifrət doğurmaq arzusu idi. O, yaxşı bilirdi ki, teatr vasitəsi ilə avam, nadan insanları tərbiyə etmək olar. Tədbirin sonunda elektron lövhədə slayd və "Qaraca qız" filminə baxış keçirilmişdir. Tədbirə Mədəniyyət və Turizm Nazirliyi aparatının kitabxana işi üzrə aparıcı məsləhətçisi Aygün Hüseynova, 12 №li məktəbin müəllim və şagirləri dəvət edilmişdir. Tədbirdə 40 nəfər iştirak etmişdir.