Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır.
     


   "Kitabi-Dədə Qorqud"-Xalqın yaratdığı və yaşatdığı tarix
  18.9.2015

   18 sentyabr 2015-ci il tarixində kitabxanada "Kitabi-Dədə Qorqud"-Xalqın yaratdığı və yaşatdığı tarix" adlı konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kitabxananın direktoru Aytəkin Qəhrəmanova "Kitabi-Dədə Qorqud"-Xalqın yaratdığı və yaşatdığı tarix" adlı geniş məruzə ilə çıxış etmişdir. Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Dədə Qorqud kitabı"nda Dövlət və hüquq haqqında ideyalar" adlı mövzu ilə çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki,“Kitabi-Dədə Qorqud” oğuz türklərinin dastanıdır.“Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rolunu nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyev dastanların dünya miqyasında təbliği, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında 20 aprel 1997-ci ildə xüsusi fərman imzalamışdır. Bu fərman əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər, sözün böyük mənasında, “Dədə Qorqud” dastanlarının yenidən doğuluşu və əbədiyyət qazanması hadisəsinə çevrilmişdir. Həmin tarixi fərmandan sonra Dədə Qorqudun adının Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında əbədiləşdirilməsi sahəsində müxtəlif tədbirlər həyata keçirilmişdir. İkicildlik “Kitabi-Dədə Qorqud” ensiklopediyasının, onlarla kitab və monoqrafiyaların nəşri, beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumların keçirilməsi, dünyanın tanınmış qorqudşünas alimlərinin Azərbaycana gəlməsi və tədbirlərdə iştirak etmələri, məhz 1300 illik yubileyin yüksək səviyyəsindən xəbər verirdi. Naxçıvan şəhərində 1999-cu ildə Dədə Qorqudun abidəsinin ucaldılması, Naxçıvanda və Van şəhərində beynəlxalq simpoziumun keçirilməsi, simpoziumda elm adamları ilə birgə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin və dövlət nümayəndələrinin iştirak etmələri bu işə nə qədər böyük əhəmiyyət verildiyini bir daha göstərirdi.Kitabi-Dədə Qorqud” dastanları dünya dastan yaradıcılığının nadir hadisələrindəndir. “Kitabi-Dədə Qorqud” dastanlarında bəhs olunan hadisələrin V-VII əsrlərdə, bəzi boyların ondan da xeyli əvvəl olmaları ehtimal edilir. Dastan Azərbaycan oğuzlarından bəhs edir. “Dədə Qorqud kitabı” salnamədir, ədəbi əsər olmaqdan başqa,Azərbaycan-Oğuz dövlətinin ərəb işğalından əvvəlki müəyyən dövrün və ərəb işğalı ərəfəsinin, Oğuz zamanının tarixidir. “Kitabi-Dədə Qorqud” qəhrəmanlıq, vətənpərvərlik haqqında dastandır. Burada oğuz igidlərinin Azərbaycana hücum edən erməni və gürcü feodallarına, onların havadarları olan Bizansa, həmçinin gürcü hakimləri ilə əlbir hərəkət edən qıpçaq türklərinə qarşı mübarizəsi daha geniş və daha parlaq əks olunmuşdur. Azərbaycan xalqının yadellilərə qarşı qəhrəmanlıq mübarizəsi səhifələri ilə zəngin olan “Kitabi-Dədə Qorqud” dastanları həm də xalqımızın zəngin oturaq mədəniyyətə malik olduğunu sübut edir. Dastanda Vətən anlamı – Dəmir qapı Dərbənddən tutmuş Göyçəyə, Əlincədən tutmuş Zəncana və Anadoluya qədərki əraziləri əhatə edir.Tədbirə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Aygün Hüseynova , Naxçıvan Dövlət Tarix Muzeyinin, Naxçıvan şəhər MKS-in əməkdaşları dəvət edilmişdir.Tədbirin sonunda elektron lövhədə slayda, "Dədə Qorqud" filmindən kadrlara və "Kitabi-Dədə Qorqudun alman dilində ilk tərcüməsi və nəşri-200" adlı sərgiyə baxış keçirilmişdir.Tədbirdə 38 nəfər iştirak etmişdir.